Yeni Azərbaycan Partiyasının VIII Qurultayın Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkəmizin keçdiyi tarixi yolun və qarşıdakı yeni mərhələnin dəyərləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlər Azərbaycanın son illərdə qazandığı tarixi nailiyyətlərin, möhkəmlənən dövlətçilik ənənələrinin və qarşıdakı strateji hədəflərin mahiyyətini ortaya qoydu.
VIII Qurultayın ən mühüm xüsusiyyətlərindən biri onun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni reallıqda keçirilməsidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, 2020-ci ilin Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri Azərbaycanın tarixində yeni səhifə açdı. 8 Noyabr və 20 Sentyabr tarixləri artıq Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutan Zəfər günlərinə çevrilib. Bu qələbələr yalnız hərbi nəticə deyil, həm də Azərbaycanın siyasi iradəsinin, milli birliyinin və dövlət gücünün göstəricisidir.
Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın bu nəticəyə asanlıqla nail olmadığı fikridir. Müharibə və sonrakı dövrdə ölkəmiz müxtəlif siyasi təzyiqlərlə, informasiya kampaniyaları və beynəlxalq müstəvidə fərqli yanaşmalarla qarşılaşıb. Lakin milli birlik, qətiyyətli siyasət və ardıcıl fəaliyyət nəticəsində Azərbaycan öz məqsədlərinə nail olub. Bu baxımdan Azərbaycanın Zəfəri həm də müasir beynəlxalq münasibətlər sistemində mühüm geosiyasi reallıq yaradıb.
Yeni mərhələnin mühüm istiqamətlərindən biri isə qazanılmış nəticələrin qorunması və davamlı inkişafın təmin edilməsidir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri bunun ən bariz nümunəsidir. İşğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin yenidən qurulması, infrastrukturun yaradılması, insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi Azərbaycanın öz ərazi bütövlüyünü yalnız siyasi və hüquqi müstəvidə deyil, real həyatın bütün sahələrində möhkəmləndirdiyini göstərir.
Çıxışın digər mühüm istiqaməti informasiya və ideoloji təhlükəsizlik məsələsidir. Müasir dünyada dövlətlərin qarşılaşdığı təhdidlər yalnız hərbi xarakter daşımır. İnformasiya məkanında yayılan dezinformasiyalar, tarixin təhrif olunması və cəmiyyətdə parçalanma yaratmağa yönəlmiş kampaniyalar da milli təhlükəsizlik üçün ciddi çağırışdır. Bu baxımdan Prezidentin ideoloji işin yeni və müasir formada qurulması ilə bağlı fikirləri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan həqiqətlərinin və ölkədə həyata keçirilən işlərin cəmiyyətə, xüsusilə gənclərə düzgün çatdırılması bu mərhələnin mühüm vəzifələrindən biridir.
Azərbaycanın yeni mərhələdə qarşısında duran əsas məsələlərdən biri də iqtisadi və enerji potensialından daha səmərəli istifadə etməkdir. Prezidentin çıxışında Azərbaycanın neft emalı, enerji resursları və beynəlxalq enerji təhlükəsizliyində artan rolu xüsusi vurğulanıb. Bu gün enerji resursları Azərbaycanın yalnız iqtisadi imkanlarını deyil, həm də onun beynəlxalq mövqeyini və geosiyasi əhəmiyyətini gücləndirən əsas amillərdən biridir.
Bununla yanaşı, Azərbaycanın xarici siyasətinin daha fəal xarakter daşıması da yeni dövrün mühüm prioritetlərindən biri kimi təqdim olunur. Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, müxtəlif siyasi, iqtisadi, enerji və nəqliyyat layihələrində mühüm tərəfdaş kimi çıxış edir. Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi, beynəlxalq təşkilatlarda fəal iştirak və müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın artan nüfuzunun göstəriciləridir.
YAP-ın VIII Qurultayında səsləndirilən fikirlərin ümumi məzmunu bir həqiqəti ortaya qoyur: Azərbaycan yeni tarixi mərhələyə daxil olub. Əgər əvvəlki dövrün əsas hədəfi ərazi bütövlüyünün və suverenliyin bərpası idisə, qarşıdakı mərhələnin əsas vəzifəsi əldə edilmiş Zəfəri davamlı inkişaf, güclü iqtisadiyyat, möhkəm dövlətçilik və beynəlxalq nüfuzla daha da möhkəmləndirməkdir.
Bu baxımdan VIII Qurultay yalnız bir siyasi partiyanın qurultayı deyil, Azərbaycanın keçmişdən gələcəyə uzanan inkişaf yolunun növbəti mərhələsinə dair siyasi baxışların ifadəsi kimi qiymətləndirilə bilər. Zəfərlə başlayan yeni tarix artıq quruculuq, inkişaf və daha böyük hədəflər mərhələsinə qədəm qoyur. Azərbaycanın qarşısında duran əsas məqsəd isə qazanılmış tarixi nəticələri qorumaq, milli birliyi və dövlət müstəqilliyini daha da möhkəmləndirmək və gələcək nəsillər üçün daha güclü Azərbaycan yaratmaqdır.
Təranə Paşayeva
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Ərazi partiya təşkilatı sədri
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri
“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri
Psixologiya üzrə fəlsəfə doktoru
