“Heydər Əliyevin irsinə həsr olunmuş simulyasiya konfransı” uğurla həyata keçirilib. Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində qrant müsabiqəsinin qalibi olan layihə Azərbaycan dövlətçilik tarixinin mühüm mərhələlərinin gənclər tərəfindən interaktiv və praktik formatda öyrənilməsini hədəfləyib.
Konfrans çərçivəsində 1995-ci il Azərbaycan Konstitusiyasının qəbulu prosesi və 1994-cü il Əsrin müqaviləsinjb imzalanmasını simulyasiya formatında yenidən canlandırılıb. Tədbir iki komitə – 1995-ci il Konstitusiya Komissiyası və 1994-cü il Əsrin Müqaviləsi Komitəsi formatında təşkil olunub. Ümumilikdə 50 nəfər gənc (hər komitə üzrə 25 iştirakçı) layihədə iştirak edib.
İştirakçılar əvvəlcədən elan olunmuş onlayn qeydiyyat və müsahibə mərhələsi əsasında seçilib, konfransdan öncə onlar üçün xüsusi təlim proqramı təşkil olunub. Təlimlərdə tarixi kontekst, simulyasiya qaydaları, komitə prosedurları, debat mədəniyyəti və qətnamə yazılması qaydaları izah edilib.
Tədbirin ilk günü rəsmi açılış mərasimi ilə başlayıb. Çıxışlardan sonra komitə sessiyalarına start verilib, iştirakçılar tarixi rolları təmsil edərək çıxışlar edib, panel və debat müzakirələrində iştirak ediblər.
Tədbirin ikinci günündə müzakirələr yekunlaşıb, hər iki komitə tərəfindən hazırlanmış qətnamə layihələri səsverməyə çıxarılaraq uğurla qəbul edilib. Bağlanış mərasimində bütün iştirakçılara sertifikatlar təqdim olunub, fərqlənən nümayəndələr müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.
Layihənin əsas məqsədi gənclərin konstitusiya quruculuğu, iqtisadi islahatlar və enerji siyasəti sahəsində biliklərini artırmaq, onların hüquqi düşüncə, analitik təhlil, qərar qəbuletmə və natiqlik bacarıqlarını inkişaf etdirmək olub. Tədbir gənclər arasında dövlətçilik şüurunun möhkəmləndirilməsinə və Heydər Əliyev irsinin interaktiv şəkildə təbliğinə töhfə verib.
Layihənin rəhbəri Şakir Garayev bildirib ki, bu təşəbbüsün əsas prioriteti gənclərin tarixi prosesləri yalnız nəzəri deyil, praktik müstəvidə dərk etməsinə şərait yaratmaqdır və gələcəkdə layihənin davamlılığının həyata keçirilməsi nəzərdə tutulur.



