Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 6-da Gürcüstana etdiyi dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Dövlətimizin başçısı görüş zamanı Gürcüstan rəhbərliyi ilə ikitərəfli münasibətlərin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə etdi. Cənab Prezident mətbuata verdiyi bəyanatda da Azərbaycan-Gürcüstan əməkdaşlığının mühüm aspektlərinə toxundu.
Azərbaycanın Gürcüstanla münasibətləri konstruktiv və gələcəyə yönəlib. Hər iki ölkə bir-birinin mövqeyini daim dəstəkləyir. Azərbaycan daim Gürcüstana dəstək göstərib, Gürcüstan da beynəlxalq platformalarda ölkəmizin haqlı mövqeyini müdafiə edib.
Prezident İlham Əliyevin apardığı düşünülmüş və uzaqgörən siyasət nəticəsində, istər regional, istərsə də qlobal məsələlərdə Azərbaycan və Gürcüstan daim eyni mövqedən çıxış edərək, ikitərəfli əlaqələri daha da dərinləşmişdir.
Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi önəm verir və əməkdaşlığın bütün istiqamətlər üzrə dərinləşdirilməsi və genişləndirilməsində maraqlıdır. İki ölkə arasında yüksək səviyyədə formalaşmış fəal siyasi dialoq, təhlükəsizlik, müdafiə, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrdə əldə olunmuş mühüm nailiyyətlərin əsasını təşkil edir.
Bu gün Azərbaycan–Gürcüstan əlaqələrində əməkdaşlığın müşahidə olunmadığı heç bir sahə mövcud deyil. Xüsusilə enerji və nəqliyyat-logistika sahələrində həyata keçirilən birgə iri layihələr təkcə ikitərəfli münasibətlərin inkişafına yox, həm də regional və qlobal miqyasda enerji təhlükəsizliyinə və qitələrarası nəqliyyat bağlantılarına töhfə verir.
Qarşıda yeni layihələr, əməkdaşlıq istiqamətləri və perspektivlər durur. Münasibətlərin bu səviyyədə olması bizə deməyə əsas verir ki, Azərbaycan ilə Gürcüstan arasında formalaşmış dostluq və əməkdaşlıq münasibətləri gələcəkdə daha da genişlənəcək. Bu da Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmlənməsinə və bölgədə sülh, əməkdaşlıq mühitinin dərinləşməsinə ciddi töhfə verəcək.
Milli Məclisin deputatı Ceyhun Məmmədov