Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında Azərbaycanın əldə etdiyi strateji nəticələr, həm də dəyişən beynəlxalq mühitdə qarşıda duran vəzifələr bir daha bəyan olundu. Bu, eyni zamanda, son otuz ildən artıq müddətin siyasi yekunlarına verilən qiymət idi. Dövlət başçımız xüsusilə Zəfərdən sonrakı mərhələnin və yeni dövlətçilik gündəliyinin müəyyənləşdirilməsi ilə bağlı vacib mesajlar verdi.
Prezident İlham Əliyev 2003-cü ildə prezident seçilərkən qarşıya qoyulan əsas vəzifələrdən birinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası olduğunu xatırladaraq, bu məqsədə nail olunduğunu bəyan etdi: “Dövlət başçısı bildirdi ki, uzun illər Azərbaycanın siyasi gündəliyində xüsusi yer tutan ərazi bütövlüyü məsələsinin artıq yeni reallıqda qiymətləndirilməsi üçün zəmin yaranıb. Belə ki, 44 günlük müharibədə əldə etdiyimiz Zəfər yeni mərhələnin başlanğıcıdır. Əsas məsələ budur ki, İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Təbii ki, bu, asan başa gəlməyib. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bu illər ərzində çox ciddi müqavimətlə üzləşmişdik. Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira dolu kampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirə edirdi. Ancaq bizim qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etmişdir.
Prezidentin çıxışında digər mühüm istiqamət milli təhlükəsizlik və hərbi gücün davamlı şəkildə möhkəmləndirilməsi ilə bağlı idi: “Dövlət başçısı qarşıda duran əsas vəzifələrdən birinin hərbi gücün artırılması olduğunu bildirdi. Xüsusilə dəyişkən beynəlxalq təhlükəsizlik mühiti fonunda bu mesaj xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçımızın da söylədiyi kimi, perimetr üzrə bizim ətrafımızda müharibələr, toqquşmalar davam edir və bu müharibələrin dayandırılması üçün heç bir beynəlxalq mexanizm yoxdur və yəqin ki, olmayacaq. Çünki beynəlxalq hüquq tamamilə sıradan çıxıb. Ona əhəmiyyət verənlərin sayı kəskin azalır. Ona görə biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək. Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək. Bu xüsusda yeni mərhələ yeni məsuliyyət tələb edir. Ərazi bütövlüyü və suverenlik bərpa edildikdən sonra qarşıda daha güclü iqtisadiyyat, daha dayanıqlı təhlükəsizlik sistemi, daha fəal xarici siyasət və yeni regional əməkdaşlıq imkanları üzərində qurulan inkişaf gündəliyi dayanır.
Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə dövrün tələblərinə adekvat fəaliyyət kursu seçən siyasi qurumdur. Ümumən, dövlətimizin başçısının partiyaya əlahiddə yanaşma tərzi onun siyasi-təşkilati modelini mərhələli şəkildə yenilədi, ilk növbədə, təşkilatdakı idarəetmənin institusional əsaslarını möhkəmləndirdi. Bu mənada, YAP-ın 2021-ci ildə düzənlənmiş VII qurultayının qərarları üzərində dayanmağa xüsusi ehtiyac var. Yada salaq ki, Prezident İlham Əliyev həmin qurultaydakı çıxışında demişdi: “Həyat dəyişir, zəmanə dəyişir”.
Tam əminliklə deyə bilərik ki, nəinki ötən 5 ildə, ümumən, bütün fəaliyyəti dövründə YAP dəyişən həyatın və zamanın tələblərinə uyğun yolda inamla addımladı. Həm addımladı, həm də cəmiyyətdə özünə olan inamı və etimadı artırdı. Ötən müddətdə Prezident İlham Əliyevin “biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində” fikri əməli iş müstəvisində dəyərləndirildi. Nəticə etibarilə YAP klassik siyasi partiya təşkilatlanmasından çıxaraq, daha dəqiq funksional bölgü əsasında inkişaf etdi. Ən başlıcası isə gənclərlə iş yeni səviyyəyə çıxarıldı ki, bu, partiyanın Gənclər Birliyinin təsbit edilməsində əksini tapdı. Əlbəttə, məsələ yalnız yaş baxımından gəncləşmədə deyil. Söhbət peşəkarlıq, innovativlik, kreativlik kimi müasir dövrə xas meyarların partiyadaxili fəaliyyətdə əsas götürülməsindən gedir.
Birmənalı şəkildə demək olar ki, Prezident İlham Əliyevin YAP-ın VIII qurultayında səsləndirdiyi fikirlər gözlərimiz önünüdə güclü və qüdrətli Azərbaycan obrazını bir daha canlandırdı. Yaşasın Yeni Azərbaycan Partiyası, yaşasın müstəqil Azərbaycan!
Niyaməddin Əsgərov,
YAP Beyləqan rayon təşkilatının sədr müavini
